İrandakı “yaşıl hərəkat” rəhbərlərindən olan Mehdi Kərrubi bəyanat yayaraq vətəndaşları islam inqilabının 31-ci ildönümü münasibəti ilə fevralın 11-də keçiriləcək ənənəvi yürüşə qatılmağa çağırıb.
“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Hamımız birlikdə İranın şərif xalqının milli iradəsinin göstəricisi olan 22 bəhmən (11 fevral) günündə yürüşə qatılacaq, inqilabın 31 il əvvəl qazandığı, lakin sonradan xalqa unutdurulmuş nailiyyət və hədəflərinin bərpa olunmasını tələb edəcəyik. Bu gün xalqa məxsusdur. Heç kəs onu yalnız öz xeyri üçün mənimsəyə bilməz”.
Kərrubi hakimiyyət rəsmilərini islamdan sui-istifadədə, fırıldaqçılıqda və səriştəsizlikdə günahlandırıb: “Ölkənin indiki böhranlı şəraitini danmaq həqiqət və gerçəkliyi dəyişmir. Cənablar mövcud problemləri görməməyə və onu inkar etməyə çalışırlar. Elə buna görə də uşaq kimi davranır, naşıcasına hər şeyi əksinə göstərməyə can atırlar. Özü də ölkənin sadə və ibtidai problemlərinin həllindən aciz qalanlar bu gün dünyanı idarə etməkdən dəm vururlar”.
Kərrubi islam adı altında idarə olunmasına baxmayaraq İran cəmiyyətinin əxlaq baxımından tənəzzülə uğradığını deyib: “Təəssüflər olsun ki, həqiqi islam təlimlərinin əksinə olaraq bu gün cəmiyyətdə riyakarlıq, ikiüzlülük, yaltaqlıq, yalan və məddahlıq baş alıb gedir. İntellekt səviyyəsi olmayan savadsızlar hər şeyi öz əllərinə keçirərək ziyalı alimlərə və düşünən beyni olan insanlara meydan oxuyur, onlara olmazın böhtanlar atırlar”.
Kərrubi ölkə konstitusiyasının tam icra olunmasına mane olan rəsmiləri pisləyib: “Konstitusiyaya əməl etməyən və ya onun icrasına mane olan hökmran zalımdır”.
Musavat